среда, 17 марта 2010 г.

Azərbaycanda ilk audiokitab təqdim olundu

Bu gün Azərbaycan Media Mərkəzində Azərbaycanda ilk audiokitabın təqdimatı keçirildi.
Lyihə Azərbaycan respublikası prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamı əsasında 5 cilddə nəşr olunmuş “ Azərbaycan dastanları” kitablarının audiovarıantı hazırlanıb. Audiokitabın səsləndirilməsi və tərtib olunmasında əsasən gənclr və tələbələr iştirak edib.
Audiokitabın yaradılması layihəsi “Diplomat Körpəm” uşaq jurnalı tərəfindən gerçəkləşdirilib. Layihənin rəhbəri Arzu Soltandır.
A. Soltanın sözlərinə görə, bu cür layohənin həyata keçirrlməsi Azərbaycanda uşaqların və gənclərin mütaliə ilə çox az məşğul olması ilə bağlıdır. “Mən özüm Nəriman Nərimanov adına kütləvi kitabxananın diretoruyam. Hesab edirəm ki, Azərbaycanda uşaqlar çox az kitab oxuyur. Bu isə informasiya texnologiyalarının yayılması, uşaqların və gənclərin daha çox internetdən istifadə etməsi ilə əlaqədardır. Bunun üçün də biz “Diplomat Körpəm” jurnalı ilə birgə Açıq cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə “Azərbaycan dastanları” adlı Azərbaycanda ilk audiokitab hazırlamışıq. Layihənin gerçəkləşməsində N.Nərimanov adına kütləvi kitabxana və Bakı Uşaq teatrı mühüm rol oynayıb”,-deyə layihənin rəhbəri Arzu Soltan bildirdi.
A. Soltan onu da qeyd etdi ki, audiokitabın müxtəlif kitabxanalara və təhsil müəssisələrinı yayılması planlaşdırılıb. “Audiokitab həm də görmə qabiliyyəti zəif olanlar, avtomobil sürənlər və hətta kompüter qarşısında çox vaxt keçirənlər üçün də faydalıdır”,-deyə o əlavə etdi.
Sonda vurğulandı ki, maliyyə dəstəyi olacağı təqdirdə, layihənin videovariantının da hazırlanması mümkündür.

"Borçalı" cəmiyyəti mətbuat konfransı keçirdi

"Borçalı" cəmiyyəti bu gün Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirdi. Tədbirdə media mənsublarına Cəmiyyətin fəaliyyət proqramı təqdim edildi və Cəmiyyətin təşkilatçılığı ilə Gürcüstanda azərbaycanlıların kompakt yaşayan Şida-Kartli quberninyasında ( Kaspi, Kareli, Qori rayonlarında) keçiriləcək tədbirlər barədə məlumat verildi.
ilk olaraq çıxış edən Cəmiyyətin sədr müavini Zahir Əlisoy bildirdi ki, cəmiyyət ölkə ziyalılarını Borçalıda yaşayan soydaşlarımızın problemləri ilə yaxından tanış etmək məqsədi ilə bölgələrdə tədbirlər təşkil edir. Z. Əlisoyun sözlərinə görə, azərbaycanlıların kompakt yaşadığı Borçalıda 37 min nəfərə qədər əhali öz dilində təhsil ala bilmir.
Cəmiyyətin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə, bir müddər öncə belə şüarlar səslənib ki, azərbaycan dilli məktəblər qapansın "Təəssüflər olsun ki, bu şüarlar hətta rəsmilərin dilindən eşidilib. Lakin bu olmayacaq. Biz əksinə çalışırıqı ki, azərbaycan dilli məktəblər çoxalsın",-deyə sədr bildirdi.
Z. Məmmədlinin bildirdiyinə görə, eyni zamanda həmin bölgədə azərbaycan milli adlarının sıxışdırılması, daha çox yerli adların istifadəsi prosesi gedir.
"Biz istərdik ki, Borçalı elm ocağına çevrilsin. Bunun üçün dövlət səviyəsində Tiflisdə təyinatlı universitetlərin yaradılması ilə bağlı təkliflər irəli sürmüşük. Artıq ilkin dəstək var",-deyə Z. Məmmədli bildirdi.
Z. Məmmədli eyni zamanda fəaliyyət proqramı barədə də geniş məlumat verdi. Onun sözlərinə görə, plan 9 əsas bölümdən ibarətdir. Birinci bölmə Cəmiyyətin ümumi müddəaları, təşkilatı işləri, əlaqələr sahəsi, humanitar fəaliyyəti, sosial və iqtisadi məsələləri, mətbuat, informasiya işi təbliğat və hüquq sahəsindəki işlərdən ibarətdir. İkinci bölmədə Azərbaycanın Gürcüstana yönəlik siyasətin əsas prinsip və istiqamətləri müzakirə olundu. Bu bölümü müzakirə edərkən Z. Məmmədli bildirdi ki, Cəmiyyətin mövqeyi ondan ibarətdir ki, Borçalıda yaşayan azərbaycanlılar gürcüstan cəmiyyətinə inteqrasiya etməlidir. "Muxtariyat almaq, Gürcüstandan ayrılmaq, Azərbaycana birləşməklə "Böyük Azərbaycan" yaratmaq kimi fikirlər yalnız ayrı-ayrı fərdlərə aiddir. Bizim seçdiyimiz yolla isə daha rahat, daha az itki ilə irəliləmək mümkündür",- deyə Zəlimxan Məmmədli bildirdi.
Planın dördüncü bölməsi, idarəetmədə "Vahid mərkəz" modelidir.
Daha sonra Gürcüstanda fəaliyyət göstərən Azərbaycan-Türk dilli ümumtəhsil məktəblərində təhsil prosesinin təkmilləşdirilməsi ilə bağlı danışıldı.
Proqramın altıncı bölməsi "Gürcü dilinin dövlət proqramı" və onun tətbiqi məsələlərinə həsr olunur.
Yeddinci bölməyə xüsusi diqqət ayrıldı. Belə ki, bu bölmə toponimlərlə bağlı idi. "Məlumdur ki, Gürcüstan ərazisində türklərin əsrlər öncə tikdiyi qalalar var ki, bu gün onların adı dəyişdirilir. Eyni zamanda kəndlərin adının dəyişdirilməsi demokratik Gürcüstanda yolverilməzdir! gürcüstan prezident aparatına iki min nəfər ziyalının imzası ilə müraciət artıq təqdim olunub. Hesab edirik ki, bundan sonra da yalnız hüquq müstəvisində mübarizə aparacayıq".
Səkkizinci bölmə isə Gürcüstanda yaşayan Azərbaycan türk kənd və rayonlarındakı problemlərə həsr olunub.
Sonuncu bölmədə isə Gürcüstanda rayon və şəhərlərdə Azərbaycan-türkdilli məktəblərdə 1989, 1999, 2009-cu illər üzrə vəziyyət təhlil olundu.
Verilən məlumata görə, 2009-cu ilin birinci və sonuncu kvartallarında belə dəyişikliklər mövcuddur. Belə ki, Zəlimxan Məmmədlinin sözlərinə görə, 2009-cu ilin birinci kvartalında 27442 nəfər Azərbaycan-türkdilli məktəblərdə təhsil alırdısa, ötən ilin axırıncı kvartalında bu rəqəm 33111 nəfərə qədər qalxdı.
Tədbir zamanı qeyd olundu ki, fəaliyyət proqramının əsas hədəfi Borçalı türklərinin vətəndaş hüquqlar təmini, onların Gürcüstan cəmiyyətinə maneəsiz inteqrasiyası, təhsilin əviyyəsinin yüksəldilməsi, elmi mərkəzlərin yaradılması və sairə bu cür işlərin görülməsidir.
Zəlimxan Məmmədli eyni zamanda qeyd etdi ki, təhsilin artığı yerdə, mədəniyyətin səviyyəsi də qalxır. "Dialoqda ən böyük qüvvə mədəniyyətdir. Tankların, topların bacarmadığını mədəniyyət bacarır",-deyə Z. Məmmədli qeyd etdi.
Sonda isə "Borçalı" cəmiyyətinin Gürcüstanda keçirməyə hazırlaşdığı tədbirlər barədə məlumat verildi.
Bütün tədbirlərdə "Borçalı" cəmiyyətinin sədri və nümayəndə heyəti iştirak edəcək. Səfər zamanı Borçalıda yaşayan ziyalılar və rəsmilərlə görüşlər də nəzərdə tutulub.

вторник, 9 марта 2010 г.

Mahir Cavadovla müsahibə: 10 sual, 10 cavab


Mahir Cavadov həm Azərbaycanda həm də ölkəmizdən kənarda məhşur bir şəxsdir. Bir müddət öncə onunla sosial şəbəkələrin birində şəxsən tanış oldum və qərara gəldik ki, Onunla Cavadov qardaşları, OMON, 1994-95-ci illər barədə müsahibə hazırlayaq. Beləliklə, M. Cavadova verilən 10 sual və
1.SUAL: Bakı 1990-cı illərdə və Bakı 2000-ci illərdə. Xalqın və hakimiyyətin mövqeyindəki fərqlər?
CAVAB: Bu sualı müxtəlif nöqteyi nəzərdən cavablandırmaq olar. Belə cavablandıracam: Mənim anlamımda 90-cı illərdə xalqın və hakimiyyətin əksər hissəsinin siyasi baxışının fərqini görməmişəm. Belə ki, fikrimcə o zamanlar hər iki tərəf 60-80-ci illərin psixologiyası ilə yaşayırdı. Demək istəyirəm ki, faktiki olaraq o illərdə kimisi bilərəkdən, kimisi isə bilməyərəkdən Heydər Əliyev və onun ailəsinin Azərbaycanda hakimiyyətə gəlməsi üçün çalışırdı. Bu aşkar faktdır. Belə ki, ötən əsrin 90-cı illərində xalq Qarabağı, ərazi bütövlüyümüzü qorumaqla gələcəyə çağıran bizi-Cavadov qardaşlarını deyil, həmin Qarabağı ermənilərə təhvil vermə siyasətini irəli sürən Heydər Əliyevi dəstəklədi. Bu fakt da özünün təsdiqini 12.05.1994 və 06.02.1995 tarixlərində ermənilərin xeyrinə imzalanan sülh sazişlərində tapır.
2000-ci illərdə isə xalq hakimiyyətin mövqeyinə qarşı çıxır! Həm də açıq-aşkar. Fikrimcə bu gün xalqımız artıq gələcəyin psixologiyası ilə yaşadığı halda, hakimiyyət hələ də 60-80-ci illərin idealogiyasının təsiri altındadır. Təbii ki, ən pis variantda, özbaşınalıq göstərməklə.
Və bu fakt prezidentin Azərbaycanı idarəetməyində o qədər aşkardır ki, onu hətta danmaq belə artıq mümkün deyil.

2. SUAL: OMON qiyamı olubmu?
CAVAB: OMON-un qiyamı olmayıb! 1994-cü ilin oktyabr ayındakı hadisələrdə OMON adının qiyamçı kimi ictimaiyyətdə tanınması bilavasitə Heydər Əliyevin işidir. Bu necə baş verdi? O zaman mən OMON-un olmadığı Baş prokurorluğun binasında həbs olunmamaq üçün qanuni müqavimət göstərdim. Mən artıq xəbərədar idim ki, o vaxtın baş prokuroru A. Ömərov sadəcə əmrə tabe olaraq məni həbs etməyə cəhd göstərdi. Mən Azərbaycan parlamentinin sədr müavini A. Cəlilovun və Hərbi əkskəşfiyyatın rəisi Şəmsi Rəhimovun qətllərində ittiham olunurdum.
Əliyev mənə OMON bazasında görüşməyi təklif etdi. Mən də ora gedərək, onu gözləməyə başladım. Lakin bu tələ idi. Belə ki, özü gəlmək əvəzinə Əliyev 30 tank göndərdi. Ancaq tank komandaları bizim tərəfimizə keçdilər. Bu vaxt isə Əliyev AzTV kanalı ilə çıxış edərək, canlı yayımda Cavadov qardaşlarını qiyamda ittiham edirdi. Lakin hərbiçilərin bizim tərəfimizə keçdiklərindən xəbər tutduqdan sonra, o, dərhal ittihamları təriflə əvəzlədi. “Bəxtiyar müəllim, siz qəhrəman oğullar yetişdirmisizin”-deyə, atamıza müraciət etdi.
Beləliklə, 1994-cü ilin oktyabrında hakimiyyət məni həbs edə bilmədiyi üçün, Qarabağın müdafiəsinə yönləndirilmiş OMON batalyonunu ləğv edə bilmədi. Necə ki, 1993-cü ildə bir imza ilə Azərbaycan respublikasının Müdafiə Nazirliyinin 40 batalyonu, yəni Qarabağı erməni aqressorlarından müdafiə edə biləcək qüvvə ləğv edilmişdi.
Hakimiyyət buna 1995-ci ilin mart ayında nail oldu. O zaman Rövşən Cavadov mənimlə razılaşmayaraq, OMON bazasını tərk etməyimi və fəallığımla danışıq yolu ilə məslənin həllinə mane olmamağımı tələb etdi.
Yeri gəlmişkən bu fakt Heydər Əliyevin özünün sifarişi ilə R. Fətəliyev tərəfindən çəkilmiş “Həqiqət anı” filmində də yer alır.
3. SUAL: bir Azərbaycanlı olaraq sizin fikrinizcə, Rövşən Cavadovun simasında Azərbaycan xalqı nəyi itirdi?
CAVAB: Ədalətə inamı, Vətən haqqını, müsbət örnəyi, Qarabağın azad olmasına inamı, təbii sərvətlərə olan haqqını, gələcəyə olan haqqını!..
4. SUAL: OMON-un ləğvi kimə və niyə lazım idi?
CAVAB: OMON işində həqiqəti dərk etmək üçün mövcud hakimiyyətin xalqı aldadaraq, hər şeydə tək məni təqsirkar çıxarmaq üçün fərddən ümumiyə doğru deyil,əksinə- ümumilikdən fərdə doğru getmək lazımdır. OMON işində isə ümumi o idi ki, Azərbaycanın o zamanki hakimiyyəti 12.05.1994 və 06.02.1995 tarixlərində Ermənistanla “Atşkəs” imzalamalı idi. Bunun üçün isə əsas tələb OMON-un ləğvi və biz, Cavadov qardaşlarının qətli idi. Bu da onunla bağlı idi ki, OMON imzalanmış sazişə məhəl qoymadan aqressor ermənilərə qarşı hərbi əməliyyatlar həyata keçirməkdə idi.
Demək istəyirəm ki, 1994-cü ildə bizə qarşı yaradılmış təxribat bilavasitə Ermənistanla imzalanan “Atəşkəs” sazişinə bağlıdır.
5.SUAL: Mahir Cavadovun Bakıya qayıdışı onun özünə və xalqa nə verəcək?
CAVAB: Mənə Vətənimi və hakimiyyəti! Xalqa isə ədalətə inam, Vətən haqqı, daha yaxşı həyat
6.SUAL: Mahir Cavadov xalqdan nə kimi dəstək gözləyir?
CAVAB: Xalqımızdan əsl siyasi dəstək, yəni maddi və mənəvi dayaq olmasını gözləyirəm
7. SUAL: Qarabağ problemi hakimiyyətin dəyişməsi ilə həll olunacaqmı?
CAVAB: Əlbəttə! Çünki Qarabağ problemi erməni milliyətçiləri ilə birgə orada hökmranlıq etmək üçün elə hakimiyyətin özü tərəfindən yaradılmışdı. Bu bütün dünyaya məlumdur. Elə ona görə də mövcud rejim hakimiyyətdə olduğu vaxtda heç kim- xüsusi ilə də aqressor özü- Azərbaycanın Qarabağ probleminə qarşı ciddi yanaşmır. Baxmayaraq ki, hakimiyyət Azərbaycanın adından danışır və hətta Ermənistanı müharibə ilə hədələyir.
8. SUAL: Sizin fikrinizcə, xalq dəyişikliklərə artıq hazırdır?
CAVAB: Başa düşdüyüm qədər siz siyasi dəyişikliklərdən danışırsız. Danılmaz həqiqətdir ki, mövcud rejim siyasi seçkilər yolu ilə hakimiyyəti tərk edən deyil. Bu halda isə siyasi dəyişikliklər uğrunda bütün zamanların və bütün xalqların qanuni üsullarından istifadə etmək lazımdır. Dəqiq desəm “zəruri müdafiə” vəziyyətində hərəkət keçmək üsulundan. Yeri gəlmişkən, bu vəziyyət Cinayət Məcəlləsində də yer alıb. Bunun üçün isə biz - Cavadov qardaşları kimi həyatını, azadlığını, maddiyatını, rahatlığını da təhlükəyə atmağa hazır olmalısan. Hesab edirəm ki, bu gün bizim gənclərimiz qanunları pozan cinayətkarlara qarşı mübarizədə daha çox bu üsula meyillidir. Daha yaşli nəsil isə fikrimcə 1994-95-ci illərdəki məğlubiyyətimizdən çəkinir. Lakin son zamanlar yaşlı nəsil də bu mübarizəyə daha çox meyl salmağa başlayır. Eyni zamanda qeyd edim ki, ənənəvi “müxalifət” liderlərinə etibarımın olmadığını qeyd etməliyəm.
9.SUAL: Mahir Cavadovun planlarında Azərbaycanın gələcəyi necə görünür?
CAVAB: Əvvəla qeyd edim ki, biz öz maraqlırımızı heç vaxt xalqımızın maraqlarından kənar görmədik. Elə burdan da planlarımız doğur. Mənim siyasi şüarım: Azdalıq-qanunlara riayətdir! Biz hamımız kiminsə nazı ilə deyil, qanun üzrə yaşamalıyıq. Biz istəyirik ki, hər bir vətəndaş satılan təbii sərvətlərdən gələn gəlirin payına sahib olmaq hüququ qazansın. Hər bir vətəndaş Vətənində əməyi layiqincə ödənilən işlə təmin olunsun. Layiqli mənzilə malik olsun. Hakimiyyət, parlament və yerli özünüidarə orqanları seçmək hüququ qazansın.
10. SUAL: Mövcud hakimiyyətə alternativ görürsünüzmü?
CAVAB: Əlbəttə və şübhəsiz! Lakin cinayətkarların və onların əhatəsinin hakimiyyətə gəlməsinə səbəb olmuş 1988-95-ci illərdə edilən siyasi səhvləri təkrarlamamaq üçün Azərbaycan xaqlı o səhvləri anlamalıdır. Eyni zamanda razılaşmalıdır ki, mövcud rejim seçki yolu ilə hakimiyyəti tərk edən deyil. Buradan aydın olur ki, xalqı seçkilərə çağıran siyasətçilər ya mövcud rejimin təhrikçiləridir ya da dar düşüncəli insanlardır.
Hesab edirəm ki, bu ağır siyasi vəziyyətdə xalqımızın yeganə düzgün seçimi bizi- Mahir Cavadovu və onun həmfikirlilərini mövcud hakimiyyətə alternativ tanımaqdır. Əks halda xalqımız heç vaxt qanunsuzluq, korrupsiya, yoxsulluq, yalan, cinayət dolu qapalı dairədən çıxa bilməyəcək. Eyni zamanda da Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyü həll edə bilməyəcək...

Ülviyyə Axundova