понедельник, 18 января 2010 г.

20 yanvar şəhidlərinə həsr olunur


In memoriam (lat.)
Xatirələr...
Bilimirəm, 3 yaşlı ikən baş vermiş hadisələri illər sonra xatırlamayan insanlar varmı?...
Mən xatırlayıram....
Ama nədənsə, bu hadisələr yaddaşımda möhkəm oturub. Hərdən illər sonra belə gecələr yuxularımda narahat edir...
3 yaşındayam.
Gecədir.
Qışdır.
Qar yağmasa da, qışın olduğunu soyuqdan bəlli etdim özüm üçün.
Atam öz əlləri ilə əllərimi isidir...
Ocaq yanır...
Ocağın ətrafında bir neçə insan.
Bəzilərinin siması tanış gəlir, bəziləri isə sadəcə bir dumandalar kimi yaddaşıma həkk olunub...
Kimsə ucadan danışır...
Yük maşını (iri yük maşınları uşaqlıqdan diqqətimi cəlb edirmişlər) üzərinə qalxıb ocaq başına yığışmışlara nəyi isə yeridən insan (insanlılıq keyfiyyətlərindən o vaxt bixəbər olduğumdan belə yazıram)...
17 yanvar, 2010-cu il
Ilk dəfədir ki, bu yuxuları (xatirə olduğundan əmin deyildim, o üzdən də onları yalnız yuxu olaraq qəbul edirdim) atama danışmağa cəsarət etdim...
Xatirəmi?
Yuxumu?
Soruşuram...
Cavab məni sarsıdır...
O illərdə atam Xalq Cəbhəsinin üzvü idi. Yeganə qızı kimi də, ondan yapışıb qalmış biri kimi də əsas avtoritet hesab etdiyim insanın yanındaymışam o gecə...

“ 1989-cu ldə Xalq Cəbhəsinə daxil oldum. Onların haqlı olduğunu görürdüm. Mən haqq tərəfdarı kimi xalqımızın yalnız haqqa layiq olduğunu bilirdim.
19-da rəsmən fövqaladə vəziyyət elan olunması barədə qərar imzalansa da, Bakı bundan bixəbər idi.
Qəzetlər bunu yalnız 5 gün sonra çap etdi...
Niyə? Nə üçün? Dəqiq deyə bilməyəcəm. Yəqin ki, sadəcə daha çoxlarını qurban verməklə kütlənin gözünü qorxutmaq üçün...”
“Yaxşı, bəs bunların mənim yuxularıma nə aidiyyəti var...?”
“Gözlə, deyəcəm...”
Atam eyvana çıxır. Bir neçə dəqiqə qışın soyuq havası ilə nəfəs alır...
“Yazmayacaqsan ki?”
“Nəyi?”
“Bilirəm, yenə jurnalistliyin tutacaq, yazacaqsan, keçən dəfəki kimi. Sonra da hər şey yenidən başlayacaq...”
“Nə olub? Niyə mənim yuxularıma belə reaksiya verirsən???”
“Bala, onlar yuxu deyil, XATİRƏDİR!
Yaxşı, otur...
1990-cı ilin yanvar ayının 19-da sən hələ 3 yaşındaydın. Düşünürdüm ki, körpəsən, unudacaqsan...
Son bir neçə gün idi ki, səni özümlə götürüdüm. O axşam yenə mənimlə idin. Düşündüm bir az gəzərik, ocağın başında oturarıq, iş yoldaşlarım, həmkarlarımla. Sadəcə oturarıq. Saat 19.00-20.00-də falan gətirib ataram səni evə. Ama, elə alındı ki, sən mənimlə qaldın. Saat 23.05 qədər...”
Biz o vaxtı 5-ci mikrorayonda, keçmiş Suvorov küçəsində yerləşən 5 mərtəbəli bnada qalırdıq.
Yadımdadır ki, yarıayıq-yarıyuxulu haldayam, sanki uçuram. Atamın qucağındayam. Ağlayıram, çünki ondan ayrılmaq istəmirəm... Çünki O həyatımda ilk hörmət bəslədiyim kişidir... O, mənim Atamdır...
Sonrası yadıma düşmür... Görünür, ağlamaqdan yuxuya getmişəm...
“Əbülfəz Elçibəy bizə xəbərdarlıq etmişdi. O, “küçələrə çıxmayın, vuracaqalar!” demişdi. Ama ortada Nemət Pənahov adlı şəxs (indi Nemət Pənahlı) var idi. Pənahov o vaxtı ən böyük zavod olan “leytenanat Şmidt” zavodunda işləyirdi. O, xalqı hərbiçilərin və hərbi texnikanın qarşısına çıxmağa çağırıdı. Sənin yük maşınını üzərinə qalxıb, insanlara nəyi isə yeridən insan dediyin həmin o şəxs idi. Pənahov hərbi buşlatda yük maşının üzərinə qalxıb, danışırdı, insanları yoldan çıxarırdı və ya yola gətirirdi?... Nə bilim?
O deyirdi ki, qorxmayın, çıxın onların qarşısına! Bizim də silahımız var! Biz zavodda hamıdan xəbərsiz avtomatlar istehsal etmişik. Indi o avtomatlar sizin aranızda olan insanlarda da var. Siz silahları görmürsüz, çünki həmin şəxslər silahı paltoların, gödəkçələrin altında gizlədirlər...”
Yenə eyvan...
Yenə bir neçə dəqiqəlik sükut...
“Ərzaq dükanı ilə tərəvəz dükanı arasında kiçik bir dalan vardı. Yadındadır?...
Səni gətirib evə atandan sonra, qayıtdım yoldaşlarımın yanına. Qayıdanbaşı isə vurulan insan gördüm. Cavan oğlan idi, 19-20 yaşında. Yoldaşları təşviş içindəydilər... Oğlan üzüüstə yerə sərilmişdi, artıq ölmüşdü. Gətirib həmin dediyim dalana qoymuşdular. Yaxınlaşdım. Gördüyüm məni sarsıtdı: ön hissədən adi güllə yarası boydaydı dəlik, kürəyində isə nəlbəki boyda...”
Atam gəncliyində atıcılıq ilə məşğul olurdu. Silahdan və silah üçün istifadə olunan güllələrdən xəbərdardı...
“Təsəvvür et ki, onlar mərkəz xətti sürüşmüş güllələrdən istifadə edirdilər. Bu güllələrin istifadəsi bütün dünyada, hətta Əfganıstan müharibəsində qadağan olunmuşdu...”
Qorxu, fikir, təşviş, düşüncə və xatirələr...
Hər şeydən ağır onlardır...
Xatirələr...
Anama müraciət etdim.
“Deyəsən, sən demişdin ki, qohumun da 20 yanvarda həlak olub?...”
“Hə. Atam tərəfdən. 21 yaşındaydı.”
“O gecədən nə isə yadındadır?”
“Əlbəttə. Nərdivan sahənliyinə (biz ona ploşadka deməyə alışmışıq) çıxıb, küçəyə baxırdıq. Eyvanı əsas küçəyə çıxmayan qonşuların demək olar ki hamısı sahənlikdəydi. Güllələri görürdük qaranlıqda. Çəhrayı işıqla kəsirdilər zülməti, gözümüzün önündən uçub gedirdilər. Məni ən çox narahat edən isə atanın səhərə qədər qayıtmaması idi”

Atam səhər saat 04.00 radələrində qayıtmışdı evə...

Artıq hər şey bitmişdi...
137 nəfər həyatını, 744 nəfər sağlamlığını, 340 nəfər isə kimi qolunu, kimi ayağını qurban verdi...
4 nəfər isə ITQIN düşdü...

O illərdə Sənan Əlizadə icra başçısı idi. O, qanlı hadisə qurbanlarının dağüstü parkda dəfn olunması qərarını verdi...
Soyuq yanvar ayının 22 idi. Qəbirlər qazılmış, Bakı kəndlərindən olan şəhidlərin cənazələri Azadlıq meydanına gətirilmişdi...

20 il sonra...
Nədənsə bu sözlər mənə “Muşketyorlar 20 il sonra” filmini xatırladır.
Ama əfsus ki, muşketyorlardan fərqli olaraq, bu günkü 20 il sonramız heç də illər sonra möhkəmlənmiş iradə, güclənmiş birlik, odda da suda da bərkimiş həmrəylikdən ibarət deyil. Bu gün biz ONLARI sadəcə 20 yanvar hadisəsi qurbanları kimi xatırlayan 20 il sonrakı xalqıq...
Kaş ki, 20 yanvar günüdə Şəhidər xiyabanına ağlamaq üçün deyil, muşketyorlar kimi biz də “bir nəfər hamıya, hamı bir nəfərə dayaq!...” demək və nəinki demək, həm də həyata keçirmək üçün yığışaq...
Kaş ki...

P.S. Xatirə olmayan bir faktı da qeyd edim: bizim qadınların bəziləri hadisədən bir müddət sonra həmin O əsgərlərə yemək və siqaret payı gətirilərmiş... Hətta “Yazıqlar ac qalmasın” deyənlərimiz də varmış...


Ülviyyə Axundova /Ulviyya Akhundova/

четверг, 14 января 2010 г.

воскресенье, 10 января 2010 г.